Jalə Əliyeva: “Mədəniyyətimizə bütünlükdə sahib çıxmağa qadirik” AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib. Bununla əlaqədar millət vəkili Jalə Əliyeva SİA-ya açıqlama verib. Bildirib ki, son 10 ildə Azərbaycan mədəniyyəti bütün dünyada yüksək səviyyədə təmsil olunur və öz layiqli yerini alır: "Sevindirici haldır ki, artıq Azərbaycanın bir çox milli sərvətləri YUNESKO-nun tərkib hissəsi kimi qəbul edilir. Azərbaycan muğamı, xalçaları və ölkəmizin milli mənəvi dəyərinin, tərbiyəsinin bir parçası olan kəlağayı da YUNESKO-nun siyahısında yer alırsa əlbəttə ki, bu dövlətimizin uğurunun bariz nümunəsidir. Bu müvəffəqiyyətlər heç şübhəsiz Azərbaycanın durmadan artan nüfuzu, iqtisadiyyatımızın bütün dünyada model inkişafı və ən başlıcası isə Heydər Əliyev Fondu və bu fondun 10 il ərzində məqsədyönlü işləri, mədəniyyətimizin dirçəldilməsi, tanıdılması, inkişaf etdirilməsi sahəsində Mehriban xanımın Azərbaycan mədəniyyətinə olan sevgisinin nəticəsidir".
Millət vəkili həmçinin lavaşın erməniləşdirilməsinin qarşısının alınması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, Azərbaycan musiqi alətləri, milli yeməklərimiz dünyaya erməni musiqi aləti, yeməyi kimi təqdim edilirdi: "Bunların arxasında böyük siyasi məsələlər dayanır. Bildiyiniz kimi illərdən bəri bizlərə qarşı məkrli siyasət yürüdən ermənilər mədəniyyətimizə vurduğu ziyanla yanaşı, vətəndaşlarımıza da vəhşilik nümayiş etdiriblər. Eyni zamanda mədəniyyətimizin, mətbəximizin əsas parçası olan təamlarımıza da sahib olmağa çalışıblar. Təəssüf ki, illər əvvəl Moskva şəhərindəki ən məşhur restoranlarda Azərbaycanın milli yeməklərini çəkinmədən erməni yeməyi kimi təqdim edirdilər. O zaman biz heç nə edə bilmirdik. Ancaq indi öz mədəniyyətimizə bütünlükdə sahib çıxmağa qadirik. Onu da deyim ki, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilmişdi. Lakin orada iştirak edən Azərbaycan nümayəndələrinin etirazı ilə bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilmiş və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB