Rəfiq Zəka Xəndanın 75 illik yubileyi qeyd edilib

Rəfiq Zəka Xəndanın 75 illik yubileyi qeyd edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli ədibin şəxsi keyfiyyətləri barədə danışıb. Bildirib ki, şair klassik ənənələrə sadiqliyi, Vətənə məhəbbəti, tarixi-mədəni dəyərlərə bağlılığı ilə seçilib. Onun Azərbaycan ədəbiyyatına sonsuz sevgisi XX əsr Azərbaycan elminin böyük simalarından olan atası Cəfər Xəndanla bağlı olduğunu söyləyib.

Tədbirdə Xalq Şairi Fikrət Qoca və filologiya elmləri doktoru Vaqif Yusifli şairin həyat və yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda şairin qardaşı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif Hacıyev Xəndanlar ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib və dövlətimizin başçısının müvafiq Sərəncamını Azərbaycanda sözə və söz adamlarına qiymətin daha bir bariz nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, gecədə Rafiq Zəkanın şeirlərindən nümunələr səsləndirilib, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə tanınmış və gənc musiqiçilərin ifasında onun sözlərinə yazılmış mahnılar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə