Qasım Hacıyev: “Ermənilər yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər” AÇIQLAMA

Qasım Hacıyev: “Ermənilər yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər” AÇIQLAMA

"Ermənilər azərbaycanlılara aid min illərlə yaşı olan tarixi abidələri yer üzündən silirlər". Bunu SİA-ya açıqlamasında Tarix elmləri doktoru, professor Qasım Hacıyev söyləyib. Bildirib ki, Sovet dövründə Qarabağ ərazisində müsəlmanlara aid olan bütün abidələr dağıdılıb, xristian abidələri isə qorunub saxlanır: "Bildiyiniz kimi Sovet dövrü dağılandan və ermənilər Qarabağı işğal edəndən sonra oradakı tarixi abidələri yer üzündən siliblər. Xocalı kurqanları ermənilər tərəfindən məhv edilib. Lakin Alban abidələrini isə bərpa edib, "Qriqoryan" xristian abidəsinə çeviriblər. Beləliklə bunların hər biri dünya birliyinin gözü qarşısında baş verib. Lakin bu haqsızlığa hələ də düzgün cavab verilmir. Onu da deyim ki, Şuşa şəhərindəki muzeylərimiz, həmçinin böyük müttəffəkirlərimizin heykəlləri də erməni vandalizminin qurbanına çevrilib. Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər. Onu da deyim ki, həm Rusiya, həm İran, həm də başqaları ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu vəhşiliyə göz yumurlar. Ona görə də ermənilər bildiklərini edirlər. Həmçinin dünya ölkələrinin çoxu ermənilərin tərəfini saxladığına görə, Qarabağda törədilən bu vandalizmə qarşı heç bir düzgün, obyektiv fikir söyləyən olmur. Təəssüflər olsun ki, hazırda torpaqlarımız düşmən tapdağı altında olduğuna görə biz heç nə edə bilmirik. Yalnız torpaqlarımız azad olunduqdan sonra tarixi abidələrimizi bərpa edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə