YUNESKO-nun 9-cu iclası öz işinə başlayıb

YUNESKO-nun 9-cu iclası öz işinə başlayıb

Qeyri-maddi mədəni irsin qorunması haqqında YUNESKO-nun 2003-cü il Konvensiyasının Hökumətlərarası Komitəsinin 9-cu iclası öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. İclasda Azərbaycan Respublikasının Banqladeşdə və Qvatemalada Qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılmasına dair iki layihənin həyata keçirilməsi üçün töhfəsi Komitə tərəfindən nəzərdən keçirilmişdir. Maddi yardım Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycan və YUNESKO arasında 2013-cü ildə imzalanmış Çərçivə Saizişi çərçivəsində təsis edilmiş Etimad Fondundan (Fund in Trust) maliyyələşdiriləcəkdir. Layihələrin əsas məqsədi Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması sahəsində bacarıqların artırılmasından ibarət olacaq. Bununla əlaqədar Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın Konvensiyaya və YUNESKO fəaliyyətlərinə yardımını ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətin inkişafına göstərdiyi xoşməramlı dəstəyinin təzahürü olduğunu bildirərək benfesiar ölkələrdə - Banqladeş və Qvatemalada qeyri maddi mədəni irs sahəsində uğurlu və praktiki nəticələri olacaq layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə etdi. YUNESKO katibliyi və Komitənin prezidenti, həmçinin Banqladeş və Qvatemala nümayəndələri Azərbaycan tərəfinə öz təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, Komitə öz işini noyabrın 28-dək davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə