Özbəkistan saytında Naftalan kurortu haqqında məqalə dərc olunub

Özbəkistan saytında Naftalan kurortu haqqında məqalə dərc olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatı dəstəyi ilə podrobno.uz saytında Naftalan kurort-şəhərindən bəhs edən məqalə dərc olunub. SİA-nın verdiyi məlumata görə, məqalənin müəllifi Dilnoza Aşurbekova Naftalan şəhəri və burada çıxarılan neftin müalicəvi xüsusiyyətləri haqqında söz açır. Qeyd edilir ki, Naftalanın tarixi 1873-cü ilə gedib çıxır. O vaxtlar burada əllə neft quyuları qazılırdı.

Müəllif yazır ki, Naftalan kurortu 1926-cı ildən fəaliyyət göstərir və burada nevroloji, dəri, uroloji, ginekoloji, ümumiyyətlə, 70-dən artıq xəstəlik müalicə olunur. Hazırda Naftalanda neft vannaları müasir müalicə üsulları ilə birlikdə tətbiq edilir və yaxşı nəticə verir. Naftalanda dünyada yeganə "Çəlik muzeyi" yaradılıb. Bu şəhərə çəliklə gələnlər əl ağaclarını həmin muzeyə verib gedirlər. Bu da Naftalan neftinin möcüzəli təsirini təsdiq edir.

Qeyd edək ki, jurnalist Dilnoza Aşurbekovanın "Bəs siz Naftalanda olmusunuz?" adlı məqaləsi Azərbaycan Mədəniyyət Mərkəzinin 2014-cü il üzrə elan etdiyi "Özbəkistan mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə təqdim edilib. Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: http://podrobno.uz/cat/podrobno/naftalan/

Bütün xəbərlər Facebook səhifəmizdə