Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə xalq artistləri Rafael Dadaşov, Hacı İsmayılov, Ağakişi Kazımov sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və başaqları iştirak ediblər.

Qonaqlar çıxış edərək Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşovun teatrda onlarla obraza səhnə həyatı verdiyini, həmçinin kinoda da yaddaqalan, maraqlı rollar yaratdığını diqqətə çatdırıblar. Bildirilib ki, görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaqdır.

Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Fəryad", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.

"Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Kinorejissor Tofiq Tağızadə "Ölülər" pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkib.

Qeyd edək ki, sonda tədbir iştirakçıları Teatr Xadimləri İttifaqının foyesində sənətkarın həyat və yaradıcılığından bəhs edən foto sərgiyə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə