Tatarıstan təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Tatarıstan təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti cənab Rustam Minnihanov Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısında iştirak edən xarici dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev iştirak edib. Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti cənab Rustam Minnihanov Kazan şəhərinin 2014-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması münasibəti ilə görülmüş işlərdən danışıb. Prezident birgə həyata keçirilən tədbirlərin ortaq türk irsinin təbliği və tanıdılması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, hər kəsi səyləri daha da artırmağa çağırıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini, TÜRKSOY Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Vaqif Əliyev Azərbaycan Respublikasının 2014-cü il ərzində ortaq türk mədəniyyətin təbliği üçün gördüyü işlərdən və növbəti 2015-ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları haqda məlumat verib. Cavabında Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti cənab Rustam Minnihanov Kazan şəhərinin 2013-cü ildə 27-ci Yay Universiadasına ev sahibliyi etdiyini, bu mühüm tədbirə hazırlıq əsnasında qazanılmış təcrübəni dost Azərbaycanla bölüşməyə hazır olduqlarını ifadə edib. Sonra iştirakçılar "TATNEFT" arenada keçirilən "TÜRKVİSİON" II Beynəlxalq Mahnı Müsabiqəsinin final konsertinə tamaşa etməyə dəvət olunub.

Kazan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyevlə TÜRKSOY təşkilatının Baş katibi cənab Düsen Kaseinov, Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri cənab Arıstanbek Muxameduli, Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və turizm naziri cənab Altınbek Maqsudov, Türkmənistan Respublikasının mədəniyyət naziri cənab Anageli Qaracayev, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini cənab Əbdülrəhman Arıcı, Rusiya Federasiyası Tatarıstan Respublikasının mədəniyyət naziri cənab Ayrat Sibbaqatulin arasında ikitərəfli görüşlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə