Azərbaycan Konqreslər Bürosu növbəti beynəlxalq nüfuzlu tədbirdə uğurla iştirak edib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu "EİBTM 2014" beynəlxalq turizm sərgisində uğurla iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, biznes turizmi sahəsində konfrans, seminar və görüşlərin təşkili üzrə ixtisaslaşmış sərgi olan EİBTM cari ilin 18-20 noyabr tarixlərində İspaniyanın Barselona şəhərində baş tutub.
Bu nüfuzlu tədbirdə Azərbaycan Konqreslər Bürosu ölkənin turizm bazarı iştirakçıları və mehmanxanaları haqqında məlumat əks olunan xüsusi stendlə təmsil olunub. Büronun üzvü olan Fairmont Baku, Hilton Baku, JW Marriott, Kempinski Hotel Badamdar, Absheron Hotel Group və Jumeirah Bilgah Beach Hotel kimi ölkənin aparıcı mehmanxanaları və eyni zamanda ölkənin peşəkar turizm agentlikləri olan Victory Tour, Millennium Tourism və Regea Travel da bu tədbirdə iştirak edib.
Sərgi iştirakçıları yeni təyinat məkanı kimi xüsusi diqqət cəlb edən Azərbaycanın stendinə böyük maraq göstərib. Tədbirdə iştirak edən, Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Altay Əfəndiyev də Büronun stendinə baş çəkib və görülən işlərdən məmnunluq ifadə edib.
Tədbir zamanı, mədəniyyət və turizm nazirinin müavini cənab Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə, Rusiya, Avstriya və eləcə də Almaniyadan olan aparıcı turizm bazarı iştirakçıları və media nümayəndələri ilə görüşlər keçirib. Tərəflər turizm sahəsindəki yeniliklər barədə fikir mübadiləsi aparıb və eyni zamanda Azərbaycanda bu sahənin inkişafına yönəldilən səylər barədə danışıb.
Üç günlük sərgi zamanı Azərbaycan Konqreslər Bürosu və onun üzvləri müxtəlif ölkələri təmsil edən alıcılarla 300-dən çox təkbətək görüş keçirib ki, görüşlər zamanı 40-a qədər konkret sorğu qəbul edilib.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Büro Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması üçün çalışır.
Hər il 3,000-dən çox turizm bazarı iştirakçısını və 15,000-ə yaxın mütəxəssisi bir araya gətirən EİBTM öz fəaliyyətinə 1988-ci ildə Cenevrədə başlayıb.
Beynəlxalq aləmdə aparıcı turizm sərgisi olan EİBTM turizm sənayəsinin aparıcı qüvvələrini bir araya gətirir və turizm sahəsindəki ən son trendləri, məhsulları, xidmətləri, istiqamətləri və tendensiyaları yaxından izləməyə imkan verir. Sərgi dünyanın 100-dən çox ölkəsindən olan 5,000-dən çox təchizatçı, 17,000-dən çox təşkilatçı, assosiasiya və korporasiyaları və 100,000-ə yaxın planlaşdırılmış görüşə çıxışı təmin edir.
EİBTM Avropa, Amerika, Çin, Avstraliya, Yaxın Şərq, Afrika və Hindistanda təşkil etdiyi tədbirləri ilə İBTM Global Events Portfolio-nun (İBTM Qlobal Tədbirlər Portfolio) aparıcı sərgisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB