Vasiliy Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin iştirakı ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin "Demon" operasının premyerası gerçəkləşib. SİA-nın verdiyi məlumata görə, tamaşa dahi rus şairi və mütəfəkkiri Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr olunub.
Lahiyənin rəhbəri və təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və V.Safonov adına Rusiya Dövlət Filarmoniyasıdır. Operada əsas rolları beynəlxalq müsabiqələr laureatları Sergey Maydanov (Demon), Yelena Filimonova (Tamara), Mixail Xojigirov (Knyaz Qudal), Natalya Starkova (Mələk), Aleksey Ronçuqov (Knyaz Sinodal) və Yevgeniy Bulıçevski (Fiqaro) ifa ediblər. Tamaşada, həmçinin, Filarmoniyanın Akademik simfonik orkestri və xoru (bədii rəhbər – Alina Muxamedjanova) iştirak edib. Əsərin ifasını böyük maraqla izləyən dinləyicilər tamaşanın sonunda azərbaycanlı dirijor və rusiyalı ifaçıları uzun müddət alqışlarla qarşılayıblar. Tamaşanı izləmək üçün Moskva və Sankt-Peterburq şəhərlərindən qonaq gəlmiş görkəmli rusiyalı musiqiçilər – Rusiyanın xalq artisti, "Sankt-Peterburq Musiqi Evi" nin rəhbəri, P.Çaykovski adına beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, Mariinski Teatrının dirijoru, professor Sergey Roldugin, Rusiyanın xalq artisti, professor Yelena Mirtova, Rusiyanın əməkdar artisti, məşhur orqan ifaçısı Svetlana Berejnaya, beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Aleksey Orlovetski dirijor Əyyub Quliyev və digər ifaçılara bu mürəkkəb əsərin məharətli təfsirinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, V.Safonov adına Rusiya Akademik Filarmoniyası Rusiyanın ən qədim musiqi ocaqlarından biridir – 2015-ci ildə Filarmoniya 200-lik yubileyini qeyd edəcək. 2013-cü ildə Əyyub Quliyev həmin orkestrin baş dəvətli dirijoru təyin olunub. Bununla bərabər o, Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasınını baş müəllimi kimi musiqi mədəniyyətimizin inkişafı prosesində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB