Heydər Əliyev Sarayında xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə sarayın foyesində ədibin həyat və yaradıcılığını əhatə edən foto və kitab sərgisi ilə tanış olublar.
Hökumət və dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri yubiley gecəsində "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli Sərəncamı oxunub.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb: "İlyas Əfəndiyevin bu yubiley mərasimi xüsusi məna daşıyır. Çünki o, XX əsrdə klassik Azərbaycan ədəbiyyatını müasir ədəbi düşüncəyə qovuşduran ən etibarlı körpülərdəndir. Bütün şüurlu həyatını davamlı olaraq yaradıcılığa həsr edən İlyas Əfəndiyevin adı çəkilərkən, ilk növbədə, gözlərimizin önündə böyük nəsr ustadının parlaq siması canlanır. Çəkinmədən demək lazımdır ki, İlyas Əfəndiyevin yaradıcılığı nəinki Azərbaycan, eyni zamanda, dünya ədəbiyyatında mühüm hadisədir. Hələ ulu öndər Heydər Əliyev ötən əsrdə ona Dövlət mükafatını təqdim edərkən sənətkarın yaradıcılığını yüksək qiymətləndirib".
Yazıçının oğlu, baş nazirin müavini Elçin Əfəndiyev jurnalistlərə müsahibəsində prezident İlham Əliyevin İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb: "İlyas Əfəndiyevin yubileyi respublikanın sərhədlərindən kənarda da qeyd olunub. Bir neçə gün sonra TÜRKSOY Ankarada İlyas Əfəndiyevin 100 illiyini qeyd edəcək. Düşünürəm ki, bundan sonra İlyas Əfəndiyevin ikinci ömrü başlayır".
Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, yazıçı Əli Əmirli, xalq artisti İlham Namiq Kamal müsahibələrində İlyas Əfəndiyevin əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə Azərbaycanın ədəbi və mədəni düşüncəsində əbədi olaraq qalacağını diqqətə çatdırıblar.
Mərasim İlyas Əfəndiyevin əsərləri əsasında hazırlanmış ədəbi-bədii, musiqili proqramla davam etdirilib. Gecədə gənc və tanınmış musiqiçilərin ifasında səslənən xalq və bəstəkar mahnıları da tamaşaçılara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB