Sankt-Peterburqun Kalinin rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən keçirilən milli mədəniyyətlər festivalı çərçivəsində 5 nömrəli kitabxana-filialda Azərbaycanın mədəniyyətinə, adət və ənənələrinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, gün ərzində bir sıra tədbirlər keçirilib. Böyük Vətən müharibəsi illərində Leninqradın müdafiəçilərinin dəfn edildiyi Piskaryov memorial qəbiristanlığında "Müharibə dövrünün övladlarına" adlı abidə ziyarət edilib, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün "Reabilitasiya və şəfqət mərkəzi"ndə faleristika və akvarel üzrə ustad dərsi, "Azərbaycanın dostları cəmiyyəti Naxçıvan" İctimai Təşkilatı yanında uşaq və gənclər üçün təhsil-maarif mərkəzinin şagirdlərinin işlərindən ibarət sərgi təşkil olunub.
Azərbaycan Mədəniyyəti Gününün açılışında Sankt-Peterburqdakı Kalinin rayonunun yuxarı sinif şagirdləri, rayon sakinləri, şəhərin ictimai təşkilatlarının üzvləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına "Azərbaycanda bayramlar və təntənələr keçirilməsi adət və ənənələri" adlı musiqili-ədəbi kompozisiya təqdim olunub.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov tədbir iştirakçılarını salamlayaraq mədəniyyətlərarası dialoq üçün əlverişli şərait yaradılmasına fəal köməyə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Tədbirin qonaqlarına müasir Azərbaycanı, respublikanın müxtəlif regionlarının inkişafını, ölkəmizin təbii gözəlliklərini və nadir tarixini əks etdirən videoçarx göstərilib.
"Azərbaycanın dostları cəmiyyəti Naxçıvan" İctimai Təşkilatı yanında uşaqlar və gənclər üçün təhsil-maarif mərkəzinin nümayəndələri "Sarı gəlin" mahnısını, Səməd Vurğunun və Hüseyn Cavidin şeirlərini oxuyublar. 44 nömrəli uşaq bağçasında tərbiyə alan uşaqlar "Cücələrim" rəqsini ifa ediblər.
Qeyd edək ki, proqramın təntənəli hissəsi başa çatandan sonra qonaqlar üçün şərq şirniyyatı və çay süfrəsi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB