II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başa çatıb FOTO

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başa çatıb FOTO

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başa çatıb. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə Nizami Kino Mərkəzində festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının keçiriləcəyi diqqətə çatdırılıb və qonaqlar təqdim olunub.

Bildirilib ki, "Bakı-2015" birinci Avropa Oyunları ərəfəsində təşkil olunan bu festival böyük əhəmiyyət daşıyır. Festival idmanın bir çox növünə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədilə reallaşdırılıb.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək II Bakı Beynəlxalq İdman Filmləri Festivalının dünya idman festivalları şəbəkəsində özünəməxsus bir yer tutacağına, eləcə də idman, sağlam həyat tərzi, mədəniyyət və incəsənətin vəhdətinə çevriləcəyinə ümidvar olduğunu bildirib.

Gənclər və idman naziri Azad Rəhimov isə festivalın Azərbaycanın dünyada təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) prezidenti Franko Askani birgə əlaqələrin yaradılması baxımından festivalın əhəmiyyətini yüksək qiymətləndirib.

Sonra qaliblərə mükafatlar təqdim edilib.

Festivalın əsas mükafatı olan Qran-pri Moskvada yaşayan azərbaycanlı rejissor Rauf Məmmədova qılıncoynatmadan bəhs edən "Qalib" filminə görə verilib. Qaliblər I, II, III yer olmaqla 5 kateqoriya - "İdman və şəxsiyyət", "TV filmləri və proqramları", "Bədii film", "İdman və dünya" və "Milli film" üzrə mükafatlandırılıblar.

Qeyd olunan kateqoriyalarda müvafiq olaraq Macarıstandan Qabor Peter Nemet ("London səhnəsi"), Rusiyadan Aleksandr Zamıslov və Vladislav Kolesov ("Ruhən güclülər. Buzüstü hokkey"), Fransadan Kristof Offenşteyn ("Tənha"), İspaniyadan Pedro Toro ("Rəqs et") və Azərbaycandan Vüqar İslamzadə ("Gimnastika və qolf") birinci yerə layiq görülüblər. Həmçinin ikinci və üçüncü yerlərin sahibləri də mükafatlandırılıb, eləcə də münsiflər heyətinin xüsusi mükafatı təqdim edilib.

Qeyd edək ki, gecədə xatirə şəkli çəkdirilib və mərasim konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə