Həsən Rzayevin xatirə gecəsi keçiriləcək

Həsən Rzayevin xatirə gecəsi keçiriləcək

Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə görkəmli bəstəkar, pedaqoq və zərb alətləri ifaçısı Həsən Rzayevin xatirə gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir noyabrın 24-də saat 19:00-da "Üns" Yaradıcılıq Mərkəzində baş tutacaq.

Həsən Rzayev 1928-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Onun atası Hüsyen Rzayev teatr rejissoru idi, anası Zəqiqət Rzayeva parlaq opera sənətkarı, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında məşhur "Ərəbzəngi" partiyasının ilk ifaçısı SSRİ xalq artisti Həqiqət Rzayeva idi. Həsən Rzayevin qardaşı isə, tanınmış bəstəkar, skripkaçı xalq artisti, professor Azər Rzayevdir.

Həsən Rzayev 1953-cü ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını 2 ixtisas; həm bəstəkarlıq, həm də zərb alətləri ifaçısı kimi bitirib. 1954-cü ildə Azərbaycan və SSRİ Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib.

Onun bəstəkarlıq yaradıcılığı "Babək" simfoniyası, "Uzaq Sahillərdə" simfonik-poeması, Truba və Simfonik Orkestr üçün Konsert, "Cahargah" rapsodiyası, estrada-simfonik orkestr üçün əsərlər, musiqili komediya, həmçinin dram tamaşalarına bəstələnən musiqilər də daxil olmaqla bütün janrları əhatə edir. Həsən Rzayevin xatirə gecəsində onun zərb alətləri üzrə tələbəsi, virtuoz ifaçı, Çikaqoda təcrübə keçmiş Allahyar Vəzirov da iştirak edəcəkdir. Tədbir iştirakçıları Allahyar Vəzirovun ifasında Həsən Rzayevin əsərləri ilə yanaşı onun müəlliminə həsr etdiyi musiqini dinləyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə