Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlıq müzakirə edilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonağı səmimi salamlayan Əbülfəs Qarayev həmkarını bu vəzifəyə yeni təyin olunması münasibətilə təbrik edib, onun ilk xarici səfərini Azərbaycana etməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanla Gürcüstan arasında hər zaman qardaşlıq münasibətləri olub və daim inkişaf edib. Tarixi keçmiş və parlaq gələcək bu münasibətlərdə daim özünü büruzə verəcək.

Nazir iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının da uğurla davam etməsindən və birgə layihələrin, tədbirlərin həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün mövcud imkanlardan yararlanmaq lazımdır.

Əbülfəs Qarayev onu da vurğulayıb ki, iki qonşu ölkə beynəlxalq əhəmiyyətli tədbirlərdə birgə mədəni layihələrlə çıxış etmək imkanına malikdir və bu addım böyük maraqla qarşılanar. Buna görə də mədəni əlaqələrə müasir baxış və turizm sahəsində birgə layihələrə imza atmaq zamanıdır. Azərbaycanın və Gürcüstanın digər ölkələrdən çoxlu turist qəbul etmək üçün müvafiq bazası var. Mədəni müxtəliflik hər iki ölkənin tanıdılmasında böyük əhəmiyyətə malikdir. Mədəni turizm istiqamətində əməkdaşlıq genişləndirilməlidir. Bu sahə regiona turistlərin marağının artmasına səbəb olar.

Mixail Georqadze Bakıya səfərindən məmnunluq duyduğunu, şəhərin tarixi məkanları ilə tanış olduğunu bildirib. Gürcüstanlı nazir ölkələrimiz arasında bütün sahələrdə nümunəvi əməkdaşlığın qurulduğunu, bu əlaqələrin təkcə qonşuluq deyil, dostluq və qardaşlıq əlaqələri olmasından qürur duyduğunu dedi. Xalqların bir-birinə yaxın olmasında mədəniyyətin ən güclü vasitə olduğunu vurğulayan qonaq bildirdi ki, Gürcüstan tərəfi bu əlaqələri genişləndirməyə hər zaman hazırdır.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, gürcü nazirin səfəri çərçivəsində noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamlarının rəsm əsərlərinin sərgisi keçirilib. Noyabrın 19-da isə Xalça Muzeyində ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə Tiflisdə nəşr olunan "Azərbaycan xalçaları" kataloqunun təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə