“Çingiznamə”

XVI əsrdə Qızıl Orda sarayının katibi Ötəmiş Hacı tərəfindən yazılan, Çingiz xan və onun hakimiyyətdə olan sülaləsindən bəhs edən "Çingiznamə" əsəri Azərbaycanda nəşr olunub. SİA-nın verdiyi məlumata görə, Ötəmiş Hacının "Çingiznamə"si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbələrdən biri hesab olunur. Çağatayca XVI əsrdə qələmə alınmış əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyət haqqında geniş bilgi verilir.

Əsər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən və Nəsimi adına Dilçilik İnstitutun doktorantı Dilbər Türksoy tərəfindən tərcümə olunaraq nəşrə hazırlanıb və "Qələm" nəşriyyatında çap olunub.

Nəzərinizə çatdıraq ki, Qızıl Orda dövləti haqqında aparılan araşdırmalarda əsas qaynaq kimi istifadə olunan "Çingiznamə"nin Daşkənd və Orenburq nüsxələri mövcuddur. Hazırda çap olunan əsər Daşkənd nüsxəsidir. Bu nüsxə ilk dəfə 1992-ci ildə Qazaxıstanda, 2008-ci ildə Yaponiyada, 2009-cu ildə isə Türkiyədə nəşr olunub.

Qeyd edək ki, "Çingiznamə"də Batı Xandan başlayaraq Toxtamış Xan dövrünə qədərki hadisələrlə bağlı önəmli məlumatlar yer alıb. Əsərdəki rəvayətlərin bir çoxu tarixi qaynaqlarındakı məlumatlarla üst-üstə düşür. Bütün bunlar "Çingiznamə"nin önəmli tarixi mənbə kimi əhəmiyyətini artırır. Ötəmiş Hacı əsərdə Qızıl Ordada İslamın qəbulu ilə bağlı məsələyə də toxunur.

Bütün xəbərlər Facebook səhifəmizdə