II Beynəlxalq Aşıq Festivalının açılış mərasimi baş tutdu

II Beynəlxalq Aşıq Festivalının açılış mərasimi baş tutdu

Azərbaycan Dövlət Musiqili Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan aşıqlar iştirak ediblər.

Mərasimi giriş sözü ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanda ikinci dəfə təşkil edilmiş bu beynəlxalq festivala Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatılıb: "Aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sahəyə həmişə dövlət qayğısı olub, aşıqlarımız fəxri adlara layiq görülüb, onların konsertləri üçün hərtərəfli şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi həssas münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün əlimizdən gələni edirik. Bu gün aşıq sənətinin inkişafı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoyub".

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub bildirib ki, Prezident İlham Əliyevin dəstəyi ilə reallığa çevrilən bu festival milli aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi üçün böyük imkanlar yaradacaq.

Qeyd edək ki, festival türk dünyasını əhatə edir. Gecədə iştirakçı ölkələrin sənətkarları geniş konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə