“Ulu yurdum – Naxçıvanım” müsabiqəsinin yekun mərhələsi keçirilib

“Ulu yurdum – Naxçıvanım” müsabiqəsinin yekun mərhələsi keçirilib

Bu gün Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş "Ulu yurdum – Naxçıvanım" müəllif mahnıları yaradıcılıq müsabiqəsinin yekun mərhələsi keçirilib. AzərTAc xəbər verir ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə çıxış edən münsiflər heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncam ilə "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı" təsdiq edilib.

Tədbirlər planına uyğun olaraq 2014-cü ildə muxtar respublikamızın 90 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Naxçıvana həsr olunmuş yeni müəllif mahnıları yaradıcılıq müsabiqəsidir. Muxtar respublikada musiqi mədəniyyətinin zənginləşməsi və inkişafı istiqamətində görülən ardıcıl və davamlı tədbirlərdən söz açan R.Məmmədov qeyd edib ki, bu gün qədim diyarda bəstəkar və musiqişünasların fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Artıq naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi böyük konsert salonlarında səsləndirilir. Son illər Naxçıvan bəstəkarlarının qazandıqları uğurlar, muxtar respublikada gənc musiqiçilərin yetişmələri istiqamətində həyata keçirilən tədbirlər və yaradılan şərait Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəniyyətin, o cümlədən musiqinin inkişafına göstərilən yüksək qayğının nəticəsidir. Muxtar respublikada musiqi mədəniyyətinin inkişafı və bu sahədə yaradılan zəruri baza Naxçıvana həsr olunmuş yeni müəllif mahnıları yaradıcılıq müsabiqəsinin keçirilməsinə əlverişli şərait yaradıb.

Bildirilib ki, müsabiqənin keçirilməsi üçün Təşkilat Komitəsi yaradılıb, yaş məhdudiyyəti qoyulmadan peşəkar bəstəkarlarla yanaşı, həvəskar bəstəkarların da iştirakı üçün şərait yaradılıb. Mahnılar klavir və ya partitura formasında müsabiqəyə təqdim edilib, Təşkilat Komitəsi tərəfindən mahnıların ifası üçün musiqi kollektivi müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, "Ulu yurdum – Naxçıvanım" müəllif mahnıları yaradıcılıq müsabiqəsində birinci yerin qalibi 500 manat, II yeri tutan 300 manat, III yerin sahibi isə 200 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq. Digər yerlər üçün isə həvəsləndirici diplomlar nəzərdə tutulub.

Sonra "Ulu yurdum – Naxçıvanım" müəllif mahnıları yaradıcılıq müsabiqəsinin yekun mərhələsinə başlanılıb. Tamaşaçıların alqış sədaları altında keçən müsabiqədə I yerə Yaşar Xəlilovun bəstəsi olan "Naxçıvanım", II yerə Vidadi Heydərovun "Naxçıvan", III yerə isə Elman Əliyevin "Bura can evidir Azərbaycanın" mahnıları layiq görülüb. Mükafatların təqdimat mərasimində digər iştirakçılara həvəsləndirici diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə