Bəstəkarlar İttifaqının 80 illiyi silsilə tədbirlərlə qeyd olundu
Artıq Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr edilən Musiqi Festivalı başa çatıb. SİA-nın verdiyi məlumata görə, paytaxtımız bu festivalın təmsilində böyük bir musiqi bayramına sahiblik etdi. Festival çərçivəsində həyata keçirilən konsertlərdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri; Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi klassillərdən tutmuş, qocaman bəstəkarların ( T.Bakıxanov, M.Mirzəyev, D.Dadaşov), o cümlədən gənc müəlliflərin əsərləri səsləndirilib. Hətta ölkəmizin hüdludlarından kənarda, Almaniya, Avstriya, İtaliya, ABŞ kimi uzaq ölkələrdə yaşayan bəstəkalarımız diqqətdən kənarda qalmadılar. Onların da əsərləri festivalın proqramına daxil edilib.
Festivalın açılışı Azərbaycan bəstəkarlıq məktəbinin bünövrəsini qoymuş dahi Üzeyir bəyin "Cəngi" əsəri elan olundu, həmçinin "Leyli və Məcnun" operası ilə başa çatdı. Ümumilikdə isə, festivalda 70 müəllifin əsərləri səsləndirildi ki, bunların da böyük əksəriyyti ilk dəfə ifa olunub. Belə ki, simfonik konsertlərdə Azər Dadaşovun, Mobil Babayevin, Məmmədağa Umudovun, Rəna Qədimovanın, Lalə Cəfərovanın, İlham Azmanlının, Sərdar Fərəcovun, Rauf Əliyevin, Həsən Adıgözəlzadənin əsərləri səsləndirildi.
Sevindirici haldır ki, uzun illərdən bəri musiqi ictimaiyyətinin diqqətindən kənarda qalan bəzi bəstəkarlar son zamanlar yaradıcılıqla aktriv məşğul olurlar. Bu fesivalda onların əsərlərinin ifa olunması həm müəllflərə, həm də həmkarlarına xoş təəssürat bağışladı.
Festivalda yaddaqalan gözəl məqamlardan biri də, əsərlərin yüksək səviyyədə ifa olunmaları idi. Həqiqətən də, az zaman ərzində belə bir musiqi bayramının baş tutmasında böyük əməyi olan dirijorların- Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Qara Qarayev adına Kamera Orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Göyçayev, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov və beynəlxalq müsabiqələr laureatı Eyyub Quliyevin işi təqdirəlayiqdir.
Həmçinin kamera konsertlərində iştirak edən musiqiçilərin Əməkdar artist Sahib Paşazadənin, Fəridə Məmmədovanın, beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın, Aytac Şıxalizadənin, Mədinə Şahgəldiyevanın ifaları festival iştirakçılarında böyük məmnunluq hissi yaratdı.
Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının bölgə təşkilatları da fəal iştiak edirdilər. Festivalda iştirak etmək üçün Naxçıvan Bəstəkarlar Təşkilatının sədri Şəmsədin Qasımov, bəstəkarlardan Kamal Əhmədov, Yaşar Xəlilov paytaxtımıza qonaq gəlmişdilər. Onların əsərləri kamera musiqisi konsertlərində ifa olundu. Azərbaycan Bəstəkarlar İttifaqının yubileyində Gəncə Bəstəkarlar Təşkilatını sədri Məmməd Cəfərov təmsil edirdi. Onun da kantatası festivalın açılış mərasimində müvəfəqiyyətlə ifa olundu.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İtifaqının 80 illik yubileyinə xaricdən də tanınmış musiqi xadimləri təşrif buyurmuşdular. Bunlar İtaliyadan tanınmış violençel ifaçısı və musiqişünas Elizabet Vilson, Almaniya Musiqi Ensiklopediyasının redaktor müavini Mousey Boroda, Sankt-Peterburqdan tanınmış bəstəkar Olqa Petrova, həmçinin Özbəkistandan gəlmiş bəstəkar, bir çox beynəlxalq musiqi layihələrinin iştirakçısı Dmitriy Yanov-Yanovski idi. Onlar festival ərzində Beynəlxaq Muğam Mərkəzi, Opera və Balet Teatrı, Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonu, həmçinin İçərişəhərdəki Dövlət Xalça Muzeyi, Rastropoviçin Ev Muzeyində təşki olunan konsertlərdə Azərbaycan musiqisi mədəniyyəti ilə ilə tanış oldular. Festivalın sonuncu günündə təşkil olunan dəyirmi masada qonaqlar Bakı şəhəri, musiqi mədəniyyətimiz və Azərbaycan qonaqpərvərliyi haqqında böyük məmnuniyyətlə danışıblar,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB