Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb
Ermənilərin "mədəni" vandalizmi

Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq Azərbaycanın mədəni sərvətlərini talayıb.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Bakı Beynəlxalq Teatr Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, erməni şovinistləri hərbi münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin xeyli hissəsini qəsdən dağıdıb. İşğal edilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb.

Bu dağıdıcı prosesin Azərbaycan teatr sənətindən də yan keçmədiyini söyləyən nazir diqqətə çatdırıb ki, Ermənistanın zorakılıq siyasəti və hərbi təcavüzü nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam və Füzuli Dövlət Dram teatrları, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın düşüb. Bu teatrların yerləşdiyi binalar dağıdılıb, yandırılıb, əmlakı talan edilib. Lakin bütün çətinliklərə baxmayaraq bu teatrlar fəaliyyətlərini davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə