Xətai Sənət Mərkəzində akvarel dərsləri

Xətai Sənət Mərkəzində akvarel dərsləri

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Xətai Mərkəzinin təşkilatçılığı ilə akvarel janrında ustad dərsləri keçiriləcək. Təlimlər hər həftənin şənbə günü Xətai Sənət Mərkəzində tanınmış rəssam Çingiz Əzizovin rəhbərliyi ilə aparılacaq. İlk dərs noyabrın 8-də saat 16:00-da təşkil olunacaq.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov SİA-ya bildirib ki, layihənin məqsədi ölkəmizdə akvarel janrına marağın artırılması, bu janrda işləmək istəyənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Ustad dərslərinə bir çox təcrübəli, tanınmış rəssamlar cəlb olunacaq.

Nəzərinizə çatdıraq ki, akvarel sənəti eramızın II əsrində Çində kağızın istehsalından sonra meydana gəlib. Sulu boya texnikasında əsasən kağız üzərində işlənən rəsm əsərləri XII-XIII əsrlərdə İspaniya və İtaliyada, daha sonra digər Avropa ölkələrində geniş vüsət alıb. Tanınmış Meksika rəssamı Alfredo Quati Roxonun təşəbbüsü ilə 2001-ci ildən başlayaraq hər il noyabrın 23-ü "Beynəlxalq akvarel günü" kimi qeyd edilir.

Azərbaycanda da təsvirin görkəmli nümayəndələri akvarel texnikasına müraciət edərək dəyərli əsərlər yaradıblar. Bu sənətin gənc rəssamlar arasında təbliği və təşviqi üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir. Oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində keçirilən "Akvarel" rəsm müsabiqəsinin yekun sərgisində ümumilikdə 450-dən artıq əsər arasından seçilən 100-dək əl işi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə