II Bakı Beynəlxalq İdman Filmləri Festivalına hazırlıq davam edir

II Bakı Beynəlxalq İdman Filmləri Festivalına hazırlıq davam edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 18-21 noyabr tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək. SİA-nın verdiyi məlumata görə, FİCTS - İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

II Bakı festivalının ünvanına 33 ölkədən 115 film daxil olub. Festivalın seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb: Bədii film, İdman və şəxsiyyət, İdman və dünya, TV filmləri, Milli film.

Birinci festivalla müqayisədə builki festivala təqdim olunan Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı əhəmiyyətli dərəcədə artıb ki, bunu da Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.

Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusunda olan işlərindən ibarət sərgi təşkil olunacaq. Festivala qatılmış film müəllifləri və idman mütəxəssislərinin KİV təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

Dünyada tanınmış idman xadimləri, Olimpiya və dünya çempionları, həmçinin Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin rəsmi nümayəndələri və FİCTS-in rəhbərliyinin festivalda iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə