III Beynəlxalq Teatr Konfransı baş tutacaq FOTOLAR

III Beynəlxalq Teatr Konfransı baş tutacaq FOTOLAR

Dövlət Musiqili Teatrında "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda III Beynəlxalq Teatr Konfransına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, mətbuat konfransında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau, ABŞ-dan teatr rəssamı İosif Usupov, Litvanın nümayəndəsi Deividas Staponkus, media işçiləri və başqaları iştirak ediblər.

Konfransda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ənənə halını alan beynəlxalq tədbir bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcəyini bildirib: "Konfransda 50-dən çox ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadiminin iştirakı gözlənilir. Beynəlxalq konfrans çərçivəsində tanınmış teatr xadimlərinin iştirakı ilə treninqlər də təşkil olunacaq. Bu 4 il müddətində ilk dəfə olaraq Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Gənc Tamaşaçılar teatrına, Kukla Teatrı Beynəlxalq Kukla Teatrına, Musiqili Teatr – Beynəxalq Musiqili Teatrına üzv oldu. Azərbaycan son 8 ildə 21 xarici ölkəyə qastrol səfəri baş tutub. Bu da təbii ki, son 10 il ərzində dövlətimizin mədəniyyətə, teatrlara xüsusi diqqət göstərməsi ilə əlaqədardır"

Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau tədbirdə iştirak etməkdə məqsədi Azərbaycan teatrı ilə yaxından tanış olmaqdır: "İlk dəfədir ki, Azərbaycandayam. Mənim üçün Azərbaycana gəlmək, belə nüfuzlu tədbirdə iştirak etmək çox xoşdur. Biz ikitərəfli görüşlər keçirəcəyik və istərdim Azərbaycan teatrları Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etsinlər".

Qeyd edək ki, festivalda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə teatr mütəxəssislərin məruzələri dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə