III Beynəlxalq Teatr Konfransı ilə bağlı 4 noyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrında mətbuat konfransı keçiriləcək. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının 2.15-ci bəndində müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili nəzərdə tutulub. SİA-nın verdiyi məlumata görə, respublikamızda 2010-cu il 7-8 noyabr tarixlərində ilk dəfə keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusuna həsr olunmuş konfransda Amerika Birləşmiş Ştatlarından, Kanadadan, Rusiyadan, Çexiyadan, Hon-Konqdan, Səudiyyə Ərəbistanından, Ukraynadan, İsveçrədən, İrandan, Türkiyədən, Polşadan, Avstriyadan, Belarusiyadan, Finlandiyadan, Estoniyadan, Litvadan, Çindən, Fransadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, Moldovadan, Tunisdən, İngiltərədən, Sinqapurdan, Koreyadan, Yunanıstandan, Almaniyadan – 30-dan artıq dövlətdən 60-dan artıq mütəxəssis təmsil edib.
Nəzərinizə çatdıraq ki, 2012-ci il 5-6 noyabr tarixlərində II Beynəlxalq Teatr Konfransı keçirilib. Konfransda MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80 nəfər qonaq iştirak edib. Litva Mədəniyyət Nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, görkəmli Polşa dramaturqu, ssenarist və rejissor Kşiştof Zanussi, Roma Teatrının bədii rəhbəri Fabio Tolledi, UNESKO-nun Sühl Artisti, Beynəlxalq Teatr İnstitutunun vitse prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi, Zalsburq festivalının direktoru Zeno Ştanek, Fuceyra Monodram Festivalın prezidenti Mohammad Alafkham, ASSİTEJ-in prezidenti İvett Hardi, Sverdovsk Musiqili Komediya Teatrının direktoru, Rusiya TXİ-nın katibi Mixail Safronov və başqaları.
Konfrans çərçivəsində noyabrın 4-də Azərbaycan Dövlət Rus Dram Teatrında Litvanın görkəmli teatr və kino aktyorları, xalq artistləri Reqimantas Adomaytis, Yuozas Budraytisin iştirakı ilə yaradıcılıq gecəsi, noyabrın 5-də Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasından tanınmış teatr və televiziya ulduzu Tembi Mtshalinin iştirakı ilə "Qadın intizarı", noyabrın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında "Vağzal heç yerə getmir" tamaşaları göstərilib.
Bundan başqa, konfrans zamanı Birinci Bakı Beynəlxalq Teatr Konfransına, Slovakiya teatr tarixinə, M.F.Axundzadənin 200 illiynə həsr olunmuş foto-sərgilər nümayiş olunub, "Milli idenfikasiya və inkişaf" komitəsinin idarə heyətinin toplantısı keçirilib.
Noyabrın 4-də Kşiştof Zanussinin, Məhəmməd Əl-Əfxanın, noyabrın 7-də Mişel Vaisin, İvitsa Simiçin iştirakı ilə seminarlar təşkil olunub.
5-6 noyabr 2014-cü il tarixində Bakıda "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusuna həsr olunmuş III Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda 40-dan artıq dövlətdən 110 nəfər tanınmış teatr mütəxəssislərinin, beynəlxalq teatr tənqidçilərinin, rejissor, baletmeyster, teatr rəssamları, xoreoqraf və dramaturqların iştirakı gözlənilir. Bundan başqa, tədbirdə ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), BTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi beynəlxalq təşkilatların baş katibləri və prezidentləri çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB