1-5 noyabr tarixlərində Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş Musiqi Festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb. Festival iştirakçıları və qonaqlar Azərbaycanın görkəmli musiqi xadimlərinin və Şəhidlər xiyabanında canlarından keçmiş qəhrəman övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.
Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqında festivala həsr edilən mətbuat-konfransı təşkil edilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, xarici musiqiçilər Elizabet Vilson, Moisey Boroda, Dmitri Yanov-Yanovski, bəstəkarlarlar, media nümayəndələri və başqaları iştirak ediblər.
Konfransı giriş sözü ilə bəstəkarlar ittifaqının sədri Firəngiz Əlizadə açaraq bu ittifaqın 1934-cü il iyunun 30-da yaradıldığını söyləyib: "İttifaq öz fəaliyyətində Azərbaycan musiqi sənətinin yaradıcılıq çoxcəhətliliyini, milli musiqi klassikasının və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanması və yeniləşdirilməsi prinsiplərini əsas götürür. Azərbaycan Bəstəkarlar İttifaqının yaranma tarixi 1934-cü iə təsadüf edir.
30 iyun 1934-cü ildə on yeddi nəfərin iştirakı ilə Azərbaycan Bəstəkarlarının təsis yığıncağı keçirilib. Həmin on yeddi nəfərin yalnız üçü (Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyov və Niyazi) Azərbaycanlı bəstəkar, milli kadr olub. İttifaqın həyatında ən önəmli hadisə isə üç il sonra, 1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşkilata sədr seçilməsi ilə baş verib. Bu seçim qısa zamanda İttifaqın fəaliyyət dairəsini genişləndirib, onun nüfuzunu artırıb, sıralarını milli kadrlarla zənginləşdirib. Ü. Hacıbəyov İttifaqa 11 il rəhbərlik edib. Ötən illərdə Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqi mədəniyyətinə dahi bəstəkarlar və möhtəşəm musiqi əsərləri bəxş edib. Hazırda isə bu ittifaqa mən sədrlik edirəm. Onu da deyim ki, İttifaqın 80 illiyi ilə əlaqədar olaraq "Musiqi Festivalı" keçiriləcək. Festivala xaricdə yaşayan azərbaycanlı gənc bəstəkarların əsərləri də səsləndiriləcək. Həmçinin xarici musiqiçilər də sözügedən festivalda iştirak edəcəklər".
Konfransda xarici qonaqlar da söz alaraq Azərbaycanda olduqlarından, bu cür möhtəşəm festivala qatıldıqlarından məmnun olduqlarını dilə gətiriblər. Bildirilib ki, artıq sevindirici haldır ki, Azərbaycanın dahi bəstəkarları və onların əsərləri xaricdə də tanınıb, sevilir".
Qeyd edək ki, bu gün saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB