Nasir, şair, jurnalist, tərcüməçi, dramaturq, Əməkdar İncəsənət Xadimi Məmməd Səid Ordubadinin ev-muzeyinin 35 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.SİA-nın verdiyi məlumata görə, muzeyin direktoru Lalə Abaszadə ev-muzeyin 1979-cu il noyabrın 1-də yaradıldığını bildirib.
Vurğulanıb ki, ədib bu mənzildə 1938-ci ildən 1950-ci ilə kimi yaşayıb yaradıb. Muzeydə saxlanılan eksponatlar yazıçının keçdiyi həyat yolu, yaradıcılığı barədə dolğun təsəvvür yaradır. Eksponatların hamısı ədibin şəxsi arxivinə aiddir. Muzeyin ekspozisiyası iki otaqdan ibarətdir. Dəhlizdə ədibin ağ mərmərdən büstü, yağlı boya ilə işlənmiş Ordubad şəhərinin ümumi görünüşünü əks etdirən rəsm əsəri nümayiş olunur.
Muzeydə 2000-dən artıq eksponat var ki, bunların da 300-ü ekspozisiyada nümayiş etdirilir.
Tədbirdə Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzulu adına Əlyazmalar İnstitutunun şəxsi arxivlər fondunun müdiri Mehri Məmmədova, filologiya elmləri doktoru Himalay Qasımov və digər çıxış edənlər Ordubadinin həyat və yaradıcılığından söz açıblar.
Natiqlər Ordubadi yaradıcılığında "Molla Nəsrəddin" məcmuəsinin, İran inqilabı hərəkatının, sürgün həyatının, Böyük Vətən müharibəsi illərinin də təsirindən danışıblar.
Bildirilib ki, ədib dörd cildlik "Dumanlı Təbriz" roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında bu janrın əsasını qoyub. Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" romanında isə dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaradıb. Onun "Döyüşən şəhər", "Gizli Bakı" tarixi romanları da maraqlı tarixi faktları, bənzərsiz bədii üslubu ilə fərqlənir.
Vurğulanıb ki, xatirəsi ürəklərdə yaşayan sənətkar müxtəlif illərdə şeir, felyeton, publisistik məqalələr yazıb, tərcümə ilə məşğul olub. Əsərləri müxtəlif dillərə tərcümə edilən ədibin yaradıcılığı hər zaman yüksək qiymətləndirilib.
Qeyd edilib ki, ədibin adını daşıyan ev-muzeyi əməkdaşlarının təşkilatçılığı ilə ötən illər ərzində silsilə tədbirlər keçirilib və Ordubadi irsi geniş təbliğ olunub.
Sonda Bakı şəhər 27 nömrəli məktəbin şagirdlərinin ifasında ədibin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB