Lənkəran teatrında “Üç qardaş” ın premyerası olub

Lənkəran teatrında “Üç qardaş” ın premyerası olub

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin "Üç qardaş" nağıl-tamaşasının premyerası olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tamaşa "Məlikməmməd" Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanıb. Lakin müəllif və yaradıcı heyət nağılda cərəyan edən hadisələrə yeni don geydirməklə Padşahın oğlanlarının üçünü də müsbət obraz kimi qələmə veriblər. Belə ki, Məlikməmməd bədheybət divi yaralayaraq ona sehrli almaları aparmağa imkan vermir, daha sonra divin arxasınca zülmət dünyasına gedərək onu öldürür. Tamaşanın sonunda uzun, təhlükəli sınaqlardan keçən Məlikməmməd yenidən ailəsinə, qardaşlarına, sevdiyi qıza qovuşur.

Maraqla baxılan tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti Təvəkkül Əliyev, quruluşçu rəssaamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Sayad Əliyev, Tərlan Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova və başqaları ifa edirlər.

Qeyd edək ki, "Üç qardaş" Ağaddin Babayevin Lənkəran teatrında tamaşaya qoyulmuş sayca üçüncü səhnə əsəridir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə