Biznes turizm sektorumuz Avropanın aparıcı jurnalında

Biznes turizm sektorumuz Avropanın aparıcı jurnalında

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu, daha bir uğurlu layihə ilə Azərbaycanın dünya turizm bazarında mühüm və inkişaf edən bir biznes turizm məkanı kimi geniş kütlələr arasında tanınmasına nail olub. SİA-nın verdiyi məlumata görə, Avropanın səyahət və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşri olan CIM jurnalının növbəti sayında Azərbaycana və ölkəmizin turizm bazarının potensialına da yer verilib.

Jurnalın "Azərbaycan Görüş Məkanı" adlı hesabatı ölkəmizin MİCE (biznes turizm) bazarının güclü tərəflərini və mövcud potensialını, ölkənin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində imkanlarını vurğulayıb və turizm sektorunun inkşafı üçün görülən işlərdən bəhs edib. Hesabatda həmçinin Azərbaycan Görüşlər İttifağına daxil olan, "Azərbaycan Hava Yolları" QSC, Büroya üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətlər barədə təqdimat da yer alıb. Hesabat eyni zamanda Azərbaycanı seçmək üçün TOP 10 səbəb başlığı altında ölkəmizin dinamik inkişaf edən görüş məkanı kimi diqqət cəlb edən tərəflərindən bəhs edib. İngilis və alman dillərində dərc olunan CIM aylıq jurnalının 60,000-dən çox oxucusu var ki, bunlar turizm sahəsində çalışan mütəxəssislərdir.

Əlli ildən çox media bazarında yeri olan jurnal 17,000 nüsxə ilə çap olunur və aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat şirkətləri və turizm sahəsində fəaliyyət göstərən bir çox digər şirkət və firmalar ilə əməkdaşlıq edir. Xatırladaq ki, CIM jurnalının aparıcı əməkdaşlarından biri Azərbaycan Konqreslər Bürosunun cari ilin 3-7 sentyabr tarixlərində Almaniyanın biznes turizm təmsilçilərini ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış etmək üçün təşkil etdiyi tanışlıq səfərində iştirak etmişdi. Səfərin əsas məqsədi Azərbaycanı qonaqlara tanıtmaq və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək olub. Avropanın nüfuzlu nəşrinin Azərbaycanın turizm potensialı barədə yazdığı hesabat bu cür səfərlərin təşkilinin doğru addım olduğunu bir daha təsdiqləyir. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə