Nazim Səmədov Migel Anxel Moratinosunu qəbul edib

Nazim Səmədov Migel Anxel Moratinosunu qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini cənab Nazim Səmədov İspaniya Krallığının keçmiş xarici işlər və əməkdaşlıq naziri Migel Anxel Moratinosun rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə həmçinin İspaniya Krallığının Rusiya Federasiyasındakı keçmiş səfiri Xuan Antonio Març və Barselona Sərgi Mərkəzinin baş icraçı direktoru Rikard Zapatero iştirak edib.

Görüş zamanı iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın vəziyyəti haqqında müzakirələr aparılıb, Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf edəcəyinə inam ifadə olunub. Barselona Sərgi Mərkəzinin baş icraçı direktoru Rikard Zapatero nazir müavini Nazim Səmədova "Smart city" ("Ağıllı şəhər") layihəsini təqdim edib və həmin layihənin Bakı şəhərində də həyata keçirilməsinin faydalı olacağını söyləyib. Nazir müavini Azərbaycanın qabaqcıl layihələrdə iştiraka hazır olduğunu qeyd edərək, bu layihəyə diqqət göstəriləcəyini bildirıb.

N.Səmədov qonaqlara 2015-ci il 2-4 aprel tarixində keçirilməsi planlaşdırılan beynəlxalq turizm və səyahətlər sərgisi AİTF, həmçinin 2015-ci il 19-22 may tarixində Bakı şəhərində təşkil olunması nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib, İspaniyanın müvafiq qurumlarının səlahiyyətli nümayəndələrini, habelə turizm şirkətlərini qeyd edilən tədbirdə iştirak etməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə