Nərgiz Kərimova "Operetta və müzikl ulduzları" festivalında

Nərgiz Kərimova "Operetta və müzikl ulduzları" festivalında

Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı səhnə ustası, əməkdar artist Nərgiz Kərimova yaxın günlərdə Qazaxstan Respublikasının Karaqanda şəhərinə səfər edəcək. SİA-nın verdiyi məlumata görə, bənzərsiz ifası ilə tamaşaçıları heyrətləndirən aparıcı solist 31 oktyabr-3 noyabr tarixlərində burada keçiriləcək "Operetta və müzikl ulduzları" IV Beynəlxalq Festivalında Azərbaycanı təmsil edəcək.

Solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabilliyyətinə malik olan Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən "Qızıl payız-89" Respublika müsaqibəsinin, 1990-cu ildə isə Moskva şəhərində keçirilən "Yeni adlar" III Ümumittifaq müsabiqəsinin laureatı olub. 1991-ci ildə Almatı şəhərində keçirilən M.Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində uğurlu çıxışına görə diplomla təltif olunub.

Nərgiz Kərimova dünyanın bir sıra ölkələrində təşkil olunan Azərbaycan Mədəniyyət günlərində iştirak etmiş, simfonik və kamera orkesterlərinin müşayəti ilə klassik və müasir əsərləri böyük ustalıqla ifa edib.

2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərən aktrisa repertuarda olan "Talelər qovuşanda" tamaşasında Nərgiz, "Volqalı canan"da Mülayim, "Bir günlük siğə"də Mələk, "Aldın payını, çağır dayını"da Süsən, "O olmasın, bu olsun"da Gülnaz, "Qısqanc ürəklər"də Səbinə, "Milyonçunun dilənçi oğlu"da Bildirçin, "Arşın mal alan"da Gülçöhrə, "Xanuma"da Keto kimi obrazları özünəməxsuz ustalıqla oynamış, yaddaqalan obrazlar silsiləsi yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə