Daşkənd şəhərində ilk dəfə olaraq, gənclər arasında "Ana yurdun ahəngləri" adlı beynəlxalq xalq çalğı alətləri müsabiqəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müsabiqədə ölkəmizi Gənclər və İdman Nazirliyinin göndərişi ilə iki gənc iştirakçı qismində, "Kainat" Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə isə beynəlxalq tərkibli münsiflər heyətinə üzv kimi təmsil edib. Eyni zamanda, Azərbaycan qrupuna fərdi qaydada qoşulmuş, Rauf Hacıyev adına 15 nömrəli Musiqi Məktəbinin şagirdi Şükür Ömərli və Azərbaycan Milli Konservatoriyasının müəllimi, konsertmeyster Svetlana Əhmədova da bu müsabiqədə iştirak etməklə gənclərimizin uğurlarına yardımçı olublar.
Müsabiqədə Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrdən olan gənc istedadlar da milli alətlərdə bacarıqlarını nümayiş etdiriblər.
Üç turdan ibarət olan geniş həcmli xalq musiqisi müsabiqəsi 2 yaş qrupu üzrə (15-19 və 5 yaş) keçirilib.
Ölkəmizi təmsil edən hər 3 istedadımız notla işlənmiş əsərlərlə yanaşı, Azərbaycan musiqilərindən də seçmələr ifa ediblər. Təmsilçilərimizdən Şükür Ömərli kiçik yaş qrupda 1-ci yerə, A.Zeynallı adına Musiqi Kollecinin tələbəsi İbrahim Babayev isə böyüklər arasında 2-ci yerə layiq görülüb. Hər iki istedadlımız xüsusi diplomla təltif edilib.
Azərbaycan Milli Konservatoriyasının nəzdindəki incəsənət gimnaziyasının məzunu Şəhram Sadıqov isə müsabiqənin diplomantı olub. Bununla yanaşı, Azərbaycanı təmsil edən qrupun rəhbəri, beynəlxalq münsiflər heyətinin üzvü, "Kainat" Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə festivalın işində yaxından iştirakına görə xüsusi diploma layiq görülüb.
Müsabiqə Daşkənd Milli Konservatoriyasında qaliblərin mükafatlandırılması və qala konsertlə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB