30 oktyabr - 2 noyabr 2014-cü il tarixlərində İtaliya Respublikasının Paestum şəhərində XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) keçiriləcək. SİA-nın verdiyi məlumata görə, hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliya Respublikasının əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi layihənin 2014-cü il üzrə qonaq ölkəsi Azərbaycan Respublikası olacaq. Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, YUNESKO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin xüsusi statusda iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus pavilyon qurulacaq, 30 oktyabr 2014-cü il tarixində arxeoloji tədqiqatlara və onların inteqrasiyasına həsr olunmuş konfrans təşkil ediləcək.
Azərbaycanın layihədə xüsusi statusda iştirakı ilə bağlı nəzərdə tutulmuş əsas tədbirlərdən biri də 31 oktyabr tarixində milli mətbəximizin nümayişi ilə Azərbaycan gecəsinin təşkilidir. Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi və məşhur caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulub.
Azərbaycan Respublikasının "rəsmi qonaq ölkə" statusu ilə tədbirdə iştirakı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliya Respublikasındakı Səfirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Yarmarkada Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyevin rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının, eləcə də ölkəmizin tarix və mədəniyyət qoruqlarının, bir sıra qeyri-hökumət təşkilatlarının və turizm şirkətlərinin nümayəndələri daxildir.
Yarmarkada Azərbaycan üçün ayrılmış stend sahəsində quraşdırılmış kinoteatrda İtaliyan və İngilis dillərində "Azərbaycan odlar yurdu" filminin, eləcə də Azərbaycanın irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplərin nümayişi həyata keçiriləcək.
Bundan əlavə, Azərbaycan pavilyonunda müxtəlif dövrlərə aid arxeoloji artefaktlardan və Azərbaycan xalçalarından ibarət kolleksiyanın da nümayişi də təşkil ediləcək.
Yarmarka çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə 2015-ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatının da keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB