Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) tərəfindən xalq artisti Barat Şəkinskayanın 100 illiyinə həsr edilən "Barat – bir şirin nağıl..." adlı audiodiskin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Barat Şəkinskayanın sənət yolunu əks etdirən üç stenddən ibarət fotosərgi ilə tanış olublar.
Mərasimdə ATXİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemətov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə görkəmli aktrisanın Azərbaycan teatr sənətinə töhfələrindən söz açıblar.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 3 aprel tarixli "Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən görkəmli sənətkarın yubileyi ölkəmizin hər yerində qeyd edilir. Bildirilib ki, Barat Şəkinskaya Tanrının Azərbaycan teatrına bəxş etdiyi şirin bir "nağıl" idi. O, gözəlliyi, füsunkarlığı, zəngin biliyi, əsil-nəcabəti, sehrli səhnə cazibəsi və ecazkar səsi ilə neçə-neçə tamaşaçı nəslini öz ovsununa salmışdı. Səhnə sənətimizin yaraşığı olan Cülyetta, Dezdemona, Kordeliya, Viola, Şirin, Dilşad, Mirandolina, Jivka kimi obrazların şöhrəti nəsilsən-nəslə keçərək bu gün də yaşamaqdadır.
Barat Şəkinskayanın zəngin yaradıcılığında bədii qiraət xüsusi yer tutur. Sevimli aktrisanın Azərbaycan radiosunda oxuduğu çoxsaylı nağıllar gələcək nəsillərə yadigardır. ATXİ həmin nağılların toplandığı diski böyük aktrisanın anadan olmasının 100 illik yubileyi münasibətilə Barat sənətinin pərəstişkarlarına təqdim edib.
Diskdə Barat Şəkinskayanın qiraət yaradıcılığından seçmələr – "Murad hekayəsi", "Tikanlı arı", "Cik-cik sərçə", "Cip-cip cücə", "Keçi, quzu və dana nağılı", "Şəkil və çəkil", "Gilənar, qurbağalar, hacıleylək nağılı", "Gülaçarın kuklası", "İşləməyən dişləməz", "Qaranquş", "Nədən qorxdular", "Təbilçi", "Vəfalı it ilə oğru pişik", "Gilənar nağılı" yer alıb.
Qeyd edək ki, mərasimdə böyük aktrisanı səhnədə görmüş, onunla tərəf-müqabili olmuş sənətkarların xatirəsi dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB