Hüseyn Arifin xatirəsi anılıb

Səməd Vurğunun ev-muzeyində xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, keçirilən unudulmaz şair Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub, ev-muzeyinin direktoru, S.Vurğunun nəvəsi Aygün Vəkilova, filologiya elmləri doktorları, Şirindil Alışanlı, Natəvan Dəmirçioğlu, Aslan Salmansoy və başqaları iştirak ediblər.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub çıxış edərək Xalq Şairi Hüseyn Arifin Azərbaycan ədəbiyyatında sözü, sənətinin qüdrəti ilə seçilən, yaddaşlarda əbədi iz qoyan ölməz simalardan biri olduğunu bildirib: "Təpədən-dırnağa şair doğulan Hüseyn Arif qeyri-adi adam idi. O, təkcə yazdığı şeirləri ilə yox, həm də azad ruhu, heç bir çərçivəyə sığmayan duyğuları ilə birgə şair idi. Şeirlərində Azərbaycan təbiətini, dağı, düzü, çəməni, əməksevər insanlarını sevə-sevə tərənnüm edirdi".

Ev-muzeyinin direktoru, S.Vurğunun nəvəsi Aygün Vəkilova şairin Vətən, ana, torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə canlandırdığını, milyonlarla oxucu qəlbini fəth etdiyini söyləyib. Onun Vurğun ailəsinə məhəbbətindən və doğmalığından danışıb.

Tədbirdə şairin şeirləri söylənilib və sözlərinə yazılmış musiqilər səsləndirilib.

Qeyd edək ki, sonda şairin qızı Zöhrə Hüseynzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə