Müslüm Maqomayev haqqında sənədli filmi təqdim edilib FOTOLAR
Nizami Kino Mərkəzində "Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, xalq artisti Tofiq İsmayılovun "Salnamə" studiyasında çəkdiyi ekran əsəri dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr edilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Müslüm Maqomayevin təkrarolunmaz yaradıcılıq yolundan söhbət açıb: "M.Maqomayev Azərbaycan mədəniyyətinin, incəsənətinin, bütövlükdə dünyanın sənətsevər insanlarının yaddaşında özünün parlaq obrazları, böyük musiqi dünyası ilə iz salmış dahi sənətkardır. Tofiq İsmayılov 41 il əvvəl Müslüm Maqomayev haqqında film çəkib və yenidən rejissor bu mövzuya müraciət edib. O dövrdə keçmiş SSRİ-nin bütün respublikalarında, o cümlədən dünyanın bir çox ölkələrində, həmçinin Müslüm Maqomayevin iştirak etdiyi çoxsaylı festivallarda, dünya turnelərində "Oxuyur Müslüm Maqomayev" adlanan həmin filmdən hissələr nümayiş olunub. Bildiyiniz ki, oktyabrın 25-i Müslüm Maqomayevin vəfat etdiyi gündür. Bu film Tofiq İsmayılovun son illərdə gərgin əməyi sayəsində Moskvada, Bakıda, Qəbələdə müxtəlif məkanlarda çəkilib. Rejissor 52 dəqiqəlik filmə bütün varlığını, ürəyini qoyub".
Filmin rejissoru Tofiq İsmayılov Azərbaycanın adını yüksəklərə qaldıran böyük sənətkar Müslüm Maqomayevin haqqında birinci filmi onun sağlığında lentə aldığını qeyd edərək, 40 ildən sonra Müslümsüz film çəkdiyini söyləyib. Müslüm Maqomayev haqqında filmin uzun olduğunu deyən rejissor bu ekran əsərinin demək olar ki, onun haqqında olan 3 filmdən biri olduğunu diqqətə çatdırıb.
Sonra "Müslüm Maqomayev haqqında xatirələr" sənədli filmi təqdim edilib.
Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında xatirələrinin, sənətkarın müxtəlif illərdəki ən gözəl ifalarının, ilk dəfə nümayiş olunacaq kinoxronika kadrlarının yer aldığı filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru, Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktoru Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin foyesində qonaqlar sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə də tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB