Hüseyn Cavidin xatirəsi yad edilib

Yasamal Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də böyük ədib Hüseyn Cavidin doğum günündə şairin xatirəsi anılıb. Şairin Bakıdakı abidəsi önünə əklil qoyaraq, onun xatirəsini anan tədbir iştirakçılarına ədibin həyat yolu və yaradıcılıq axtarışları barədə məlumat verilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Teymur Kərimli Cavidin yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.

Mərasimdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, Cavidin estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlandığını bildirib. Onun janr və məzmun baxımından zəngin olan yaradıcılıq irsinin zaman keçdikcə daha çox aktual olduğunu vurğulayıb.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvanda torpağa tapşırıldığını xatırladıblar.

Tədbirdə Hüseyn Cavidin əsərlərindən nümunələr səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə