AKB üzvlərinin siyahısını genişləndirir

AKB üzvlərinin siyahısını genişləndirir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını öz üzvlüyünə qəbul edib. SİA-nın verdiyi məlumata görə, büronun yeni üzvü olan "Caspian Event Organisers" şirkəti, cari ilin 4 sentyabr tarixində Bakıda təşkil edilən "Açıq qapılar" tədbirindən sonra Büroya qatılmaq istəyən şirkətlər sırasında olub.

"Caspian Event Organisers" şirkəti, qurultay, konfrans və iclasların təşkil olunması üçün planlaşdırma və idarəetmə, qiymət təklifi dəstəyi, qeydiyyat, yerli idarəetmə və təhlükəsizlik, dövlət orqanları ilə əlaqələndirmə, ictimai əlaqələrin qurulmasına dəstək və yerləşdirmə xidmətləri də daxil olmaqla geniş xidmət çeşidi təklif edir. Müxtəlif görüş, iclas, konfrans və geniş miqyaslı qurultayların təşkil olunması istiqamətində 15 ildən çox uğurlu təcrübəsi olan şirkət bütün dünyada dövlət orqanları, beynəlxalq təşkilat və korporasiyaların güvənini qazanıb.

Hal-hazırda 1000-dən çox peşəkar işçi heyəti ilə dünyanın 27-dən artıq ölkəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər Qrupunun Azərbaycanda tərəfdaşı olan "Caspian Event Organisers", biznes sahəsində mühüm və aparıcı mövqe tutan mərasimlərin təşkili, təşviqi və satışı ilə məşğuldur.

Ölkənin MİCE (biznes turizm) bazarının inkişafı və beynəlxalq arenada aparıcı turizm məkanı kimi tanınması üçün çalışan Azərbaycan Konqreslər Bürosu, "Caspian Event Organisers"-ın Büronun üzvləri sırasına qoşulmasını aparılan uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirir.

Büro ilə əldə olunan razılaşma ilə bağlı danışarkən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bu əməkdaşlığın hər iki tərəf üçün yaratdığı imkanlardan danışıb.

Cənab Hidayətzadəyə əsasən "Turizm infrastrukturunun inkişafı və Bakının beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üçün getdikcə daha cəlbedici məkana çevrilməsi, Azərbaycan Konqreslər Bürosunun şəhərimizin turizm bazarı iştirakçılarına verdiyi üstünlük və imkanların dünya MİCE bazarında təbliğindəki mühüm rolunu artırır.

Müxtəlif görüş, iclas, konfrans və geniş miqyaslı qurultayların təşkil olunması istiqamətində 10 ildən çox uğurlu təcrübəsi olan və 50 - dən çox beynəlxalq tədbirin təşkilini öz üzərinə götürmüş şirkətimiz Bakıya əhəmiyyətli tədbirlərin gətirilməsi və onların yüksək səviyyədə təşkil olunması üçün öz gücünü Büro ilə birləşdirməkdən məmnun olacaq".

Cənab Hidayətzadə həmçinin qeyd edib ki, bu üzvlük yaradılmış effektiv platforma və eləcə də Büronun təqdim etdiyi bir çox marketinq və reklam vasitələri ilə "Caspian Event Organisers" şirkətinin xidmətlərinin təşviqi üçün mükəmməl imkanlar yaradacaq. O vurğulayıb ki, "Azərbaycan Konqreslər Bürosu ilə sıx əməkdaşlıq qurmaqla yanaşı biz Azərbaycanın turizm məkanı kimi təbliğinə də öz töhfələrimizi verməyə səbrsizlənirik".

Qeyd edək ki, daha öncə Büronun üzvləri sırasına "HRG Azerbaijan" şirkəti qoşulub və hal hazırda Büronun 16 üzvü var.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılmış, Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı ilk günlərdən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.

Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və MİCE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə