Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, əməkdar artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə teatrın foyesində baş tutan sərgidə sənətkarın rol aldığı tamaşalardan fotolar nümayiş etdirilib.

Mərasimdə çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov Osman Hacıbəyovun həyat və fəaliyyətindən, teatr tariximizə töhfələrindən geniş söhbət açıb: "İlk gənclik illərində Osman Hacıbəyovla görüşməyim, eyni tamaşada birgə iştirak etməyim məniö çox sevindirir. Onun digər aktyorlardan fərqli olaraq gözəl müşahidə qabiliyyəti olub. Osman Hacıbəyova bu və ya digər rol həvalə olunanda o, maraqlı xarakterlər, tipajlar axtarıb tapmağı bacarırdı. Bəzən elə olurdu ki, küçədə bir maraqlı insan görəndə onu yaxşı mənada izləyir, onun hərəkətlərini, yerişini, dayanmağını kənardan müşahidə edir və həmin cizgiləri səhnədə yaratdığı obraza əlavə edərək maraqlı xarakter yaradırdı. Osman Hacıbəyov yaradıcılığının çiçəklənmə dövründə - 55 yaşında dünyasını dəyişsə də, teatrın səhnəsində bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb".

Daha sonra Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, xalq artisti Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Şəfəq Əliyeva, Almaz Mustafayeva, aktrisa Sona Babayeva başqaları Osman Hacıbəyovun milli teatrımıza töhfələrindən, yüksək insani keyfiyyətlərindən söz açıblar.

Nəzərinizə çatdıraq ki, O.Hacıbəyov El oğlu, Ayaz ("El oğlu" və "Ana"), Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər"), Skapen ("Skapenin kələkləri"), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah"), Qəmküsar ("Yarımçıq Şəkü"), Yaşar ("Yaşar"), Elşən ("Məlik Məmməd"), Protey ("İki veronalı"), İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin"), Bəxtiyar ("Komsomol poeması"), Fərhad ("Bəxtsiz cavan"), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili"), Florindo Aritun ("İki ağanın bir nökəri"), Şamdan bəy ("Şamdan bəy"), Şirinbala ("Şirinbala bal yığır"), Tarverdi ("Xırs quldurbasan"), Polkovnik Ferrari ("Ovod") və başqa rolları ilə tamaşaçıların yaddaşında əbədi qalıb.

Qeyd edək ki, sonra unudulmaz səhnə ustasının xatirəsinə ithaf olunmuş dahi dramaturq Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə