Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunacaq

Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, br çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Hüseyn Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcəkdir. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.

1924-cü ildə Ağstafa rayonunda doğulan Hüseyn Arif zəngin ədəbi həyat yolu keçmiş, yaradıcılığını xalq və aşıq poeziyası üzərində kökləyən, şifahi və yazılı ədəbiyyatın vəhdətində yazıb-yaradan bir sənətkar olmuşdur. Qırx ilə yaxın ədib fəaliyyəti olan şair öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirmiş, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şairin şeirlərinə dillər əzbəri olan çox sayda musiqilər bəstələnib.

"Azərbaycan Dövlət Mükafatı" laureatı Hüseyn Arifin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ona "Xalq şairi" fəxri adı verilib.

Qeyd edək ki, tədbir 20 oktyabr, saat 19:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə