“Xəlvətdə qalmış müdrik” sənədli filminin təqdimatı olub

“Xəlvətdə qalmış müdrik” sənədli filminin təqdimatı olub

Nizami Kino Mərkəzində görkəmli sufi filosofu, Xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunmuş "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, dövlət sifarişi ilə "Yaddaş" studiyasında ekranlaşdırılmış filmin rejissoru Adil Azay, ssenari müəllifi Orxan Fikrətoğlu, operatoru Rüfət Süleymanov, dekor və geyim üzrə rəssamı Şahin Həsənli, Tural Bakuvi, məsləhətçisi Zöhrə Əliyeva, redaktoru Elşad Ərşadoğludur.

Filmdə Novruz Cəfərov, Mirzə Ağabəyli, Kamran Yunis, Namiq Ağayev və başqa aktyorlar çəkiliblər.

Təqdimat mərasimində səhnəyə dəvət olunan filimin yaradıcı heyəti ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Bildirilib ki, Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olub və geniş ərazidə yayılıb.

Çəkilişləri Bakı, Şamaxı, İsmayıllı, Quba və digər yerlərdə aparılan bu sənədli filmdə bir daha sübut edilib ki, Seyid Yəhya Bakuvinin əsərləri bu gün də öz aktuallığını saxlamaqdadır. Onun fikirləri bəşəriyyətə öz töhfəsini verməkdədir. Çünki bu əsrlərdə, fikirlərdə dünyaya sülh, insanlara bərabərlik, həmrəylik öz əksini tapıb.

Qeyd edək ki, sözügedən film maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə