Tarix və mədəniyyət abidələrinin tanıdılmasında fəallığın artırılması FOTO
Bu gün 129 saylı orta məktəbdə "Tarix və mədəniyyət abidələrinin tanıdılmasında fəallığın artırılması" adlı yeni layihə baş tutub. SİA-nın verdiyi məlumata görə, tədbir "CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi" layihəsinin iştirakçısı Arzu Soltan tərəfindən gerçəkləşib.
Tədbir Avropa Birliyinin Şərq Tərəfdaşlığı üzrə Mədəniyyət Proqramının dəstəyilə həyata keçirilən "CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi" layihəsinin bir hissəsidir. "CAUCULT – Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi" layihəsinin məqsədi müxtəlif mədəniyyətlərin tanınmasını, mədəni irsin təbliğ edilməsini dəstəkləməkdir. Layihəyə qatılmış iştirakçılar qarşısında öz icmalarında kiçik layihələr gerçəkləşdirmək vəzifəsi qoyulub.
Layihənin iştirakçısı Arzu Soltanın "Tarix və mədəniyyət abidələrinin tanıdılmasında fəallığın artırılması" təşəbbüsü də belə kiçik layihələrdən biridir.
Belə ki, Azərbaycan tarix və mədəniyyət abidələriylə zəngin ölkədir. Amma onların mühafizəsi və təbliği hələ də arzuolunan səviyyədə deyil. Dövlət mədəni irsin öyrənilməsinə, qorunmasına və tanıdılmasına dəstək göstərsə də, yerlərdə mədəni irs abidələrimizin əhəmiyyəti yetərincə başa düşülmür, bütün qadağalara rəğmən dağıdılır, korlanır, zibillənir və s. Xüsusilə, gənclərin bu sahədə maariflənməsinə ehtiyac var. Arzu Soltanın həyata keçirdiyi kiçik layihə Bakı məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici seminar və Forum tamaşalar hazırlamaqla, tamaşaları başqa məktəblərdə də nümayiş etdirməklə bu sahədə irəliləyiş əldə etmək məqsədi güdür. Layihənin məqsədi məktəblilərin tarix və mədəniyyət abidələri haqqında biliklərini qiymətləndirmək, əgər bu məlumatlar kifayət qədər deyilsə, bunun səbəblərini üzə çıxarmaq, iştirakçılara tarix və mədəniyyət abidələrimizin əhəmiyyətini başa salmaq, onların vasitəsilə başqalarını da maarifləndirmək və məktəb yaşından etibarən mədəni irsimizə həssas bir nəslin yetişməsi istiqamətində işə başlamaqdır.
"Tarix və mədəniyyət abidələrinin tanıdılmasında fəallığın artırılması" layihəsi çərçivəsində Bakıdakı 129 saylı orta məktəbin şagirdləri ilə həmin sahədəki problemlər müzakirə olunub. Məktəblilər arasından daha əvvəl tarixi yerlərdə ekskursiyalarda olmuş siniflər seçilərək layihəyə cəlb olundu. Layihə çərçivəsində iştirakçılarla tarix və mədəniyyət abidələrimiz haqqında ekskursiyadan əvvəl nə qədər məlumatlı olduqları və ekskursiya sayəsində nələr öyrəndikləri müzakirə etdilər, onları maraqlandıran suallara cavab aldılar. Mütəxəssislərin iştirakı ilə məktəblilərin tarix və mədəniyyət abidələrini daha yaxşı tanınmasına mane olan səbəblər və onların aradan qaldırılması yolları müzakirə olundu. Mövcud problemlərin alternativ həll yollarının məktəblilərin özləri tərəfindən təklif olunmasına nail olundu. Şagirdlər öz təkliflərini yalnız sözlə deyil, forum-tamaşalar metodu ilə kiçik səhnəciklər formasında təqdim etdilər və hazırlanmış səhnəciklər digər məktəblilər qarşısında nümayiş edilərək müzakirə olundu.
Qeyd edək ki, məktəblilərə Azərbaycan ərazisindəki tanıdıqları tarix və mədəniyyət abidələrinə həsr olunmuş əl işləri hazırlamaq tapşırıldı. Əl işlərindən ibarət sərgi 12 Noyabr Konstitusiya günü ərəfəsində elə həmin məktəbdə təşkil olunacaq və qaliblərə mükafatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB