“Avropa irs günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib
Bu gün Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri"nin qeyd edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə sözügedən təşkilatlara üzv ölkələrin layihənin icrası üzrə məsul koordinatların, irsin qorunması və idarə edilməsi üzrə yerli və xarici ekspertlər iştirak ediblər.
Tədbirdə eyni zamanda ötən illərdə Azərbaycanda "Avropa İrs Günləri"nin qeyd olunmasına həsr olunmuş qısa filmin də nümayiş edilib.
Sonra milli əlaqələndiricilər – Azərbaycan üzrə Emil Səfərov, Avropa Şurasından Madelena Qrossman, Şimali İrlandiyadan Mixail Koulter, İrlandiyadan İzabel Smiz, İspaniyadan Ana Şobel, Şotlandiyadan Lesli Makevan "Avropa irs günləri"nin əhəmiyyətindən, eləcə də təmsil etdikləri ölkələrin müvafiq sahə üzrə əldə etdikləri təcrübədən söz açıblar. Diqqətə çatdırılıb ki, hazırda 50 ölkənin nümayəndəsi Azərbaycana toplaşıb. Bu çox möhtəşəm imkandır ki, proqramı birgə icra edirik.
Bakıda keçiriləcək tədbirlər çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın qurulmasına dair müzakirələr aparılacaq.
Onu da deyək ki, mətbuat konfransında "Avropa irs günləri portalı"nın təqdimatı olub.
14-16 oktyabr tarixlərində davam edəcək tədbirlər çərçivəsində Avropada layihənin cari il üçün yekun tədbiri, milli koordinatorların illik toplantısı və onlar üçün treninqlər təşkil olunacaq.
"Avropa İrs Günləri" (EHDs), Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər iki qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB