Amerikada “Yeddi gözəl” baletinin zəfəri FOTOLAR

Amerikada “Yeddi gözəl” baletinin zəfəri FOTOLAR

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ABŞ-ın Kaliforniya ştatında dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti ilk dəfə nümayiş etdirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayiş Kaliforniya ştatının böyük və gözəl şəhərlərindən biri San Dieqonun üç minlik tamaşaçı salonuna malik, ştatın ən böyük səhnəsi kimi tanınan Civic Teatrında (The 2,967 seat San Diego Civic Theatre) gerçəkləşib.

Tamaşanın xoreoqrafı San-Dieqo Baletinin direktoru, beynəlxalq mükafatlar laureatı Xavier Velaskodur. Baletin musiqisi San-Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont Simfonik Orkestrinin ifasında səsləndirilib, bütün rollar amerikalı balet ustaları tərəfindən ifa edilib.

Tamaşanın premyerasında iştirak etmək üçün Azərbaycandan San Dieqo şəhərinə bir qrup nümayəndə heyəti ezam olunub. Nümayəndə heyətinə ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, xalq artisti, xoreoqraf Mədinə Əliyeva, dirijor Əyyub Quliyev daxildir.

1965-ci ildə əsası qoyulan və dünyanın məşhur incəsənət ustalarının çıxış etdiyi San Dieqo Civic Teatrında bu günə kimi yüzlərlə opera və balet tamaşaları səhnəyə qoyulub, Brodwey şouları göstərilib, klassik və müasir musiqi axşamları təşkil olunub. Dahi bəstəkarımız Qara Qarayevin Azərbaycan balet sənətinin incisi olan "Yeddi gözəl" əsərinin bu teatrda səhnəyə qoyulması milli balet tariximizdə əlahiddə bir hadisədir. Yeri gəlmişkən, demək lazımdır ki, tamaşanın sorağı San Dieqoda çox uzaqlara yayılıb, bütün biletlər nümayişdən xeyli əvvəl satılıb.

Baletin librettosu, xoreoqrafiya və səhnələşdirilməsini həyata keçirmiş Civic Teatrının bədii rəhbəri Xavier Velasko 70-dən artıq uğurlu tamaşanın müəllifidir. Tanınmış dirijor Randall Tvidin rəhbərliyi ilə Grossmont Simfonik Orkestrinin ifasında Qara Qarayev musiqisi teatrın səhnəsində möhtəşəm səslənib. Randall Tvid tamaşadan öncə Amerikada yaşayan həmyerlimiz, sənətşünaslıq doktoru, Dallas şəhəri Texas Universitetinin professoru Cəmilə Cavadova-Spilstberq ilə söhbətində Qara Qarayev musiqisinin ecazkarlığından danışaraq, bu musiqiyə dinlədiyi ilk dəqiqələrdən valeh olduğunu və onu geniş tamaşaçı kütləsi qarşısında ifa etmək arzusu ilə yaşadığını deyib. O, belə bir imkanın yaradılmasına görə layihəni həyata keçirən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, layihənin təşəbbüskarı və təşkilatçısı olan Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna, San Dieqo şəhəri Diplomatiya Şurasına dərin minnətdarlığını bildirib.

Balet amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb. Tamaşadan sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən rəsmi ziyafət verilib. ABŞ federal və yerli seçkili orqanlarının rəsmiləri, San-Dieqo və digər müxtəlif şəhərlərin bələdiyyə şuralarının üzvləri, xarici diplomatlar, ictimai və mədəniyyət xadimləri, rejissor və bəstəkarlar, universitet professorları, media nümayəndələri ziyafətdə iştirak ediblər.

Mərasimdə çıxış edən baş konsul Nəsimi Ağayev "Yeddi gözəl" baletinin San Dieqoda nümayişini Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə kimi dəyərləndirib. O, uğurla keçən tamaşanı Azərbaycan mədəniyyət diplomatiyasının zəfəri kimi qiymətləndirib.

Mərasimdə konqresmen Syuzan Deyvis, Milli Məclisin deputatı Səməd Seyidov və digərləri çıxış edərək tamaşanın mahiyyətindən, "Yeddi gözəl" baletinin tərənnüm etdiyi tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərdən bəhs edib və öz təəssüratlarını bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə