BSU-da "Misir mədəniyyət günləri" keçirilib

BSU-da "Misir mədəniyyət günləri" keçirilib

Bu gün Bakı Slavyan Universitetində "Misir mədəniyyət günləri" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə diplomatik korpusların nümayəndələri, universitetin rektor və professor heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev qonaqları salamlayaraq tədbirin mahiyyətini qonaqların diqqətinə çatdırıb: "Misir Ərəb Respublikası ilə bağlı tədbirin, məhz bu universitetdə keçirilməsi təsadüfü deyil. Belə ki, Azərbaycanın müsəlman ölkələri ilə çoxşaxəli əməkdaşlıqları nəticəsində bugünkü gəncliyin Şərq dillərinə marağının artması nəticəsində Bakı Slavyan Universitetində ərəb dillərinin tədrisinə xüsusi diqqət ayrılır. Bu baxımdan da bu cür tədbirlərin mütəmadi olaraq təşkilini özümüzə borc bilirik".

Daha sonra Misir Ərəb Respublikasının müvəqqəti işlər vəkili Heysan Cəlal, Misir mədəniyyət mərkəzinin müdiri Əhməd Sami də çıxış edərək Azərbaycan və Misir dövlətləri arasındakı xoş münasibətlərdən söhbət açıblar. Onlar qeyd ediblər ki, hər iki ölkənin qədim tarixə malik olması onların arasında yaxınlaşma körpüsü rolunu oynayır.

Rəsmi hissədən sonra tədbir universitetin tələbələrinin ifasında Misir Ərəb Respublikasının xalq mahnıları ilə davam etdirilib.

Tədbir çərçivəsində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən ölkənin mədəniyyətini əks etdirən sərgi də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə