İkinci Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək

İkinci Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək

Noyabrın 17-dən 22-dək Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirlikləri və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə ikinci Bakı Beynəlxalq idman filmləri festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivalın məqsədi bütün idman növlərinə həsr olunan, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ etmək və ən yaxşı film müəlliflərini həvəsləndirməkdir. Festival 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub. Festivala təqdim olunan filmlər kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Münsiflər heyəti hər 5 kateqoriya üzrə üç film müəyyən edəcək. Qaliblərə diplom, xatirə hədiyyəsi və pul mükafatları təqdim olunacaq. Festivalın ən yaxşı filmi isə "Qran-pri"yə layiq görüləcək. Festival çərçivəsində seminarlar, film müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında müzakirələr keçirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə