“Avropa irs günləri”

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində oktyabrın 10-dan 17-dək "Avropa irs günləri" layihəsinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycanda "Avropa irs günləri"nin qeyd edilməsi ilə bağlı oktyabrın 11-12-də ölkənin ən mühüm mədəniyyət ocaqları ödənişsiz xidmət göstərəcəkdir. Bu siyahıya Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət təsisatları daxildir.

Qeyd edək ki, "Avropa irs günləri" Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər 2 qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə