"Avropa İrs Günləri"

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri" layihəsinin qeyd edilməsinə həsr olunmuş tədbirlər keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, hər il sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə qeyd edilən layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir. Bu çərçivədə nəzərdə tutulan ən mühüm tədbir 13-17 oktyabr 2014-cü il tarixində layihəyə üzv bütün ölkələrin milli koordinatlarının iştirakı ilə keçiriləcək "Avropa İrs Günlərinin qeyd edilməsi: Bakı 2014" adlı tədbirdir. "Yerli icmalar irsin Avropa ölçüsünü formalaşdırır" mövzusunda keçiriləcək tədbir çərçivəsində Avropada layihənin cari ili üçün yekunu, milli koordinatorların illik toplantısı və onlar üçün treninqlər keçirilməsi nəzərdə tutulub. "Avropa İrs Günləri" (EHDs), Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər 2 qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə