Teatr-konsert müəssisələrinin fəaliyyəti geniş müzakirə olunub FOTOLAR

Teatr-konsert müəssisələrinin fəaliyyəti geniş müzakirə olunub FOTOLAR

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan teatr-konsert müəssisələri rəhbərlərinin iştirakı ilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatr-konsert müəssisələrinin fəaliyyətinə ətraflı nəzər salıb, dövlətin mədəniyyət siyasəti, ölkə Prezidentinin teatr sənətinin inkişafına yönələn fərman və sərəncamlarının əhəmiyyəti, 2006-cı ildən etibarən bu sahədə görülən işlər, aparılan islahatlar barədə danışıb. Teatrların maddi-texniki bazasının yaxşılaşdırılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması istiqamətində atılan addımların artıq öz bəhrəsini verdiyi, Azərbaycan teatrının sorağının dünyanın mötəbər səhnələrindən gəldiyi diqqətə çatdırıb.

Qeyd edib ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramından irəli gələn məsələlərin həlli, o cümlədən paytaxt və regionlarda teatr binalarının əsaslı təmiri və yenidən qurulması, bu sahədə həyata keçirilən layihələr, aparılan islahatlar teatr sənətimizin inkişafına mühüm zəmin yaradıb. . Bu ilin noyabrında Bakıda keçiriləcək III Beynəlxalq Teatr Forumu barədə danışan nazir müavini belə tədbirlərin, eləcə də teatrların beynəlxalq qurumlarda təmsil olunmasının önəmli olduğunu vurğulayıb. Bildirib ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri də öz repertuarlarına ciddi diqqət yetirməlidir.

Son dövrlər teatr və konsert müəssisələri ilə bağlı işıq üzü görən nəşrlərdən də danışan Ədalət Vəliyev 28 adda müxtəlif səpkili kitabın, o cümlədən Azərbaycan teatr antologiyasının çapdan çıxdığını, "Teatr ensiklopediya"sının isə böyük ehtimalla gələn il Milli Teatr Günü ərəfəsində təqdim ediləcəyini deyib.

Tədbirdə görülən işlər, qeyd olunan müsbət məqamlarla yanaşı, mövcud problemlərdən də ətraflı söhbət açılıb. Teatrlarda dövlət sifarişi ilə hazırlanan tamaşaların vəziyyəti, kadr siyasəti, teatr studiyalarının fəaliyyəti, texniki heyət ilə iş və digər məsələlərə diqqət çəkən nazir müavini nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələrini verib. Konsert müəssisələrində konsert proqramlarının sayının artırılması, musiqi kollektivlərinin dinamik iş rejiminə nail olunması üçün müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə