Mirzə Şəfi Vazehin 220 illiyi qeyd olunub

Mirzə Şəfi Vazehin 220 illiyi qeyd olunub

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli maarifçi-şair Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, Mirzə Şəfi Vazehin 220 illiyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncama uyğun olaraq təşkil olunan gecədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan ədəbi fikrində yerindən, klassik poeziyamızın inkişafında xidmətlərindən, maarifçilik ideyalarından söz açıb. Tiflisdə qəza məktəbində müəllim kimi fəaliyyət göstərən Vazehin burada dövrünün qabaqcıl adamları ilə ünsiyyətindən bəhs olunub. Alman səyyahı, Şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə tanışlığın şairin həyatında qoyduğu iz, əsərlərinin Avropada tanınmasının hansı keçməkeşli yol keçdiyi diqqətə çatdırılıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-tərcüməçi İlqar Fəhmi şairin ədəbiyyatımızda xidmətlərindən danışıb. Onun 1844-cü ildə yaratdığı "Divani-Hikmət" ədəbi məclisində azərbaycanlı şair və yazıçılarla yanaşı, başqa millətlərdən olan şairlər, yazıçılar, alimlər, səyyahlar də iştirak etdiyindən və beləcə Şəfinin hələ o zaman ölkə sərhədlərini aşan ədəbi əlaqələr meyllərindən bəhs edib.

Tədbirin aparıcısı, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli isə Vazeh-Bodenştedt münasibətlərindən ətraflı məlumat verib. Şərqə səyahətini başa vurub Almaniyaya qayıdan səyyahın Vazehin çap oluna biləcək kifayət sayda əsərinin olduğunu gördüyünü və onun şeirlərini 1851-ci ildə ədibin özündən xəbərsiz Avropada "Mirzə Şəfinin nəğmələri" adı altında alman dilində çap etdirdiyini xatırladıb. Vazehin bədii irsinin çox az hissəsinin bu günədək hifz edildiyini bildirən natiq ölkə başçısının yubileylə bağlı müvafiq sərəncamından sonra şairin irsinin daha geniş şəkildə öyrənilməyə başlanmasını müsbət hal kimi dəyərləndirib.

Çıxışlardan sonra tədbir ədəbi hissə ilə davam edib. Aktyorların ifasında şairin seçilmiş şeir nümunələri, dillər əzbəri olan qəzəlləri səsləndirilib. Xalq artisti Mənsum İbrahimovun gözəl ifaları tədbir iştirakçılarının zövqünü oxşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə