“Meri Mak Brayd” musiqi qrupu Lənkəranda konsert verib

“Meri Mak Brayd” musiqi qrupu Lənkəranda konsert verib

ABŞ-ın tanınmış "Meri Mak Brayd" musiqi qrupu lənkəranlı müsiqisevərlərin qonağı olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçirilən tədbirdə musiqi qrupu maraqlı konsert proqramı ilə çıxış edib.

Konsertdən əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı çıxış edərək bildirib ki, səfirliyin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır, belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyətə malikdir.

Qeyd olunub ki, Merinin "No One’s Gonna Love You like Me" ("Səni heç kəs mənim kimi sevməyəcək") adlı mahnısı Akademiya mükafatını almış, "Brokeback Mountain-Qozbel Dağ" filmində ifasına görə qalib elan olunub və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş "Goodbye Yellow Brick Road" adlı konsertində ifa etmək üçün seçilib.

Meri "Home Tour" adlı turun təsisçisidir. O, bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir. "Vaşinqton Post" qəzetinin qeyri-adi adlandırdığı tur çərçivəsində ABŞ-ın hər yerində və xaricdə insanların ev saydığı yerlərdə: sağlamlıq qayğı mərkəzlərində, kimsəsiz evlərdə, uşaq evlərində, həbsxanalarda, yaşayış icmalarında və HİV-QİÇS-ə yoluxmuş insanlar üçün fəaliyyət göstərən evlərdə konsert proqramı ilə çıxış edir.

Azərbaycanda ikinci dəfə olan "Meri Mak Brayd" musiqi qrupu ən çox sevilən mahnılarını lənkəranlılara təqdim edib.

Yağışlı havaya baxmayaraq Meri Mak Brayd və qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Qeyd edək ki, sentyabrın 25-dək Azərbaycanda olacaq musiqi qrupu Salyan rayonunda və Naxçıvan Muxtar Respublikasında da konsert proqramı ilə çıxış edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə