Yazıçılar Birliyi yeniliklərini təqdim edib

Bu gün Yazıçılar Birliyi növbəti layihəsini təqdim edib. SİA-nın verdiyi məlumata görə, Yazıçılar Birliyinin aybkitab.az saytının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək yeni sayt haqqında informasiya verib. Bildirib ki, sözügedən sayt artıq ədəbiyyatsevərlərin öhdəsinə verilib: "Bu çox böyük layihədir və "aybkitab" layihəsinin tərkib hissəsidir. Artıq bu andan oxucular üçün açıq olan "aybkitab.az" saytı kitabların təbliğində vacib rol oynayacaq. Saytda "haqqımızda", "xəbərlər", "yazarlar", "imza günü", "layihələr", "kitablar", "müsabiqə", "fərqli", "foto", "video", "onlayn sifariş" və "klaqə" kimi bölmələr yaradılıb. Layihənin tərkib hissəsi olan aybKitab.az saytı kitabların təbliğində önəmli rol oynayacaq. Satışdan cəmlənən vəsaitlə müəlliflərə qonorar ödəniləcək. Layihəmizə isə Vektor nəşriyyatı, Yazıçı nəşriyyatı, Yayım Assosiasiyası Kitabevim.az şirkətləri kitabların çapına və ölkə miqyasında yayımına dəstək olacaqlar. Həmçinin qısa zaman ərzində hekayə müsabiqəsi keçiriləcək. Mövzunu Yazıçılar Birliyinin özü təyin edəcək. Müsabiqələrdə ilk 20-liyə düşən müəlliflərin əsərləri çap ediləcək. Onu da deyim ki, aybmedia.az saytı da qısa müddət ərzində hazırlanıb, istifadəyə verilməsini də nəzərdə tutmuşuq. Həmçinin aybkitab.ru saytını da rusdilli oxucular üçün hazırlayırıq. Noyabr ayında isə aybTV.az onlayn televiziyanı ədəbiyyata maraq göstərən insanların öhdəliyinə verəcəyik. Bu Azərbaycanda ilkdir. Oktyabr ayından isə texniki avadanlıqlar alınacaq, kanala müxbirlər dəvət olunacaq. Tamaşaçılara tam peşəkarlıqla xidmət göstəriləcək".

Qeyd edək ki, sonda fikir mübadiləsi aparılıb və yeni ideyalar irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə